Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycan polisi 1988-ci ildən başlayan erməni millətçilərinin cinayət əməllərinə qarşı mübarizə aparmış, Qarabağ döyüşlərində rəşadət göstərərək, dinc sakinləri hücumlardan və əsir düşməkdən qorumuşdur. Erməni təcavüzü nəticəsində şəhər və kəndlərimiz işğala məruz qalır, talan edilir, həmyerlilərimiz faciələrlə üzləşirdi. Məlumdur ki, ordusuz bir respublikanın müdafiəsinə ilk öncə polislərimiz qalxmışdı. Azərbaycan polisi tək cinayət əməlləri ilə mübarizə aparmır, eyni zamanda ön cəbhədə düşmənlərə ağır zərbələr vururdu. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının ilk dəfə 11 nəfər şəhid olan polis əməkdaşına verilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövətçiliyə sədaqət nümunəsidir.” Xocalı Rayon Polis Şöbəsinin rəisi Eldar Bağırov bildirir ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyevin üzərinə düşüb. Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra Xocalının bir sıra polis əməkdaşı dövlət mükafatları ilə təltif olunmuşdur. Xocalı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda erməni quldurlarına qarşı şücaətlə döyüşmüş, öz canlarını sipər edərək yüzlərlə soydaşımızı düşmən gülləsindən, əsir düşməkdən xilas etmişdir. İşğalçı ermənilərin Xocalıya hücumları ara vermirdi və hər cəhdlərində layiqli cavabı alırdılar. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, əməkdaşlardan Kamil Məmmədov, Asif Usubov, İlham Qarayev və digərləri hadisə yerinə gedərək 50-60 nəfər yaralını xilas edərək xəstəxanaya çatdırmışlar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ermənilərin törətdiyi cinayət əməllərinə tutarlı qarşılıq verilirdi. İrəvandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatdırılmışdı. Həmin təyyarələrlə ermənilər Xankəndinə hərbi sursat daşıyırdılar. Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə endirildi. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər. İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 nəfər polis əməkdaşı da qəhrəmancasına şəhid oldu. Xocalı soyqırımında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi və Xocalı aeroportunun komendantı Əlif Hacıyevdir. Əlif Hacıyev qəhrəmanlığı ilə Azərbaycan xalqının qəlbində əbədi məhəbbət qazandı. O, düşmənə sübut etdi ki, Azərbaycanın qorxmaz oğulları torpaq uğrunda hər zaman öz canından keçməyə hazırdır. Millət vəkili Elman Məmmədov “Xocalının səsi” qəzetinə müsahibəsində bildirir ki, Xocalı şəhəri blokada şəaritində olarkən şəhərin müdafiəsini özünümüdafiə batalyonunun üzvləri ilə bərabər, polis əməkdaşları da qoruyublar. Xocalı Polisinin yaranma tarixi 1990-cı ilə təsadüf edir. Xocalı polisinin yaradılmasının məqsədi bədnam qonşularımızın, çörək, su verən əli kəsmək kimi nankorluq xisləti olan ermənilərin silahlı basqınlarının, torpaqlarımıza, soydaşlarımıza təcavüzünün qarşısını almaq idi. Xocalının müdafiəsində 29 nəfər hava limanının polisi, 50 nəfər isə Xocalı polisi dayanırdı. Aqil Quliyev və onun 21 nəfər döyüşçüsü ilə bərabər, ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Xocalı polisi yarandığı gündən son ana qədər qəh-rəmanlıqla torpaqlarımızın müdafiəsində iştirak edib. Xocalının işğalından sonra da təşkil edilən Xocalı polisi cəbhə bölgəsində səngərlərdə düşmənlərə qarşı mübarizəni davam etdiriblər. Bu gün də Xocalı polisi öz fəaliyyətini cəbhə bölgəsində davam etdirir. Xocalıda verdiyi şəhidlərdən başqa, Xocalının işğalından sonra da torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Xocalı polisi neçə nəfər şəhid verdi. Mən Xocalı polisinin fəaliyyəti ilə hər zaman qürur hissi duyuram. 1990-1991-cü illərdə Azərbaycan Respublikasının DİN-də yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində 1-ci Rotanın Komandiri vəzifəsində çalışmış Elmar Hüseynov Xocalı aeroportunun mühafizəsində iştirak etmişdir. 1990-cı ilin noyabr ayında tabeçiliyində olan 1-ci Rotanın əməkdaşları və Xocalı aeroportunun Xətt Milis Bölməsinin əməkdaşları Əlif Hacıyev, Kamil Məmmədov, Bəxtiyar Aslanov, Asif Usubov ilə birgə Xocalı aeroportunun rus-erməni qoşunlarından azad edilməsini və aeroportda Azərbaycan bayrağının dalğalanmasını təşkil edib. O, “Xocalının səsi” qəzetində müsahibəsində xocalıların torpağa bağlılığından danışdı. Bildirdi ki, Xocalı tam mühasirə şəraitində olmasına baxmayaraq, xocalılar son günədək mübarizə apardılar, evlərini, torpaqlarını qorudular. Xocalı əhalisi çətin durumda yaşasalar da, biz döyüşçülərə daim mehriban münasibət göstəriblər və qayğı ilə yanaşıblar. Xocalı aeroportunda xidmət edən polislər də, başda Əlif Hacıyev olmaqla hər birisi qəhrəmancasına döyüşüblər. Xocalı polisi yarandığı ilk gündən erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı faciəsi zamanı xalqımıza qarşı törədilən soyqırım əməkdaşlarımızın gözünü qırmadı, əksinə onlar silaha sarılaraq Ağdam rayonunun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda gedən döyüşlərdə yaxından iştirak etdilər. Qeyri-bərabər döyüşlərdə 26 nəfər polis əməkdaşı şəhid olmuş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır. Xocalı polisinin şəhidlik zirvəsinə ucalmış əməkdaşlarından fəxri adlarla təltif edilənlər var. Onlardan Əlif Hacıyev Lətif oğlu, İsmayılov İnqilab Ələkbər oğlu, Salahov Şakir Şamil oğlu, Əhmədov Natiq İlyas oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, Usubov Əlyar Kamran oğlu, Səlimov Mikayıl Bahadur oğlu “Azərbaycan Bayrağı” ordeninə, Bağırov Bəhmən Yaqub oğlu, İsmayılov Arzu Mətləb oğlu, Mehdiyev Cavanşir İsaq oğlu, Bağırov Elşən Həsən oğlu, Vəliyev Əli İmran oğlu, Əliyev Arif Xanlar oğlu “İgidliyə görə” medalına layiq görülüblər. Orucov Famil Əli oğlu, Novruzov Zakir Novruz oğlu “Vətən uğrunda” medalı ilə təltif ediliblər. XOCALILARIN FƏXRİ – POLİS ADINI ÖZ ŞƏRƏFLİ XİDMƏTİ İLƏ UCALDAN İNSAN Xocalının mərd oğullarından biri, Azərbaycanın ən uzun müddətli daxili işlər naziri olan,hazırda Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi vəzifəsində çalışan general-polkovnik Ramil Usubovun xidmətlərini xüsusi vurğulamaq istərdik. 1994-cü il aprelin 29-da Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən Ulu öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şəxsi heyətdən yeni nazir təyin olunan Ramil Usubovun rəhbərliyi altında fədakarlıqla işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı daha barışmaz mövqe tutmağı tələb etmişdir. Ramil Usubov dahi şəxsiyyət Heydər Əliyevin ona olan etimadını doğrulda bildi. O, işlədiyi bütün dövrlərdə Azərbaycan dövlətinin sabitliyi, xalqımızın rifahı naminə yorulmadan öz vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirib. Azərbaycan polisi adını yüksək tutan Xocalı övladının xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, Azərbaycan Respublikasının Konsti-tusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur. 2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə “Şöhrət” ordeni ilə təltif edildi. Ramil Usubovun Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi Azərbaycan polisinə verilən yüksək qiymətdir. Onun qüsursuz xidməti, yüksək insani keyfiyyətləri, dövlətçiliyimizin möhkəmlənməsi naminə xidmətləri bizə qürur hissi yaşadır. Şübhəsiz Ramil Usubov daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi nümunədir. PƏHLƏVAN XOCALI POLİSİ Xocalı polisləri dövlətçiliyə sədaqət ənənəsini daim möhkəm saxlayıblar. Xocalının öz peşəsinə vurğun, nizam-intizamlı polislərindən biri də Qəhrəmanov Məzahir Əhəd oğludur. Məzahir Qəhrəmanov 25 mart 1971-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1996-cı ildə Nəsrəddin Tusi adına Pedaqoji Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. 1994-cü ildən Xocalı rayon Polis Şöbəsinin əməkdaşıdır. 2016-cı ildən rəisin şəxsi heyətlə işi üzrə köməkçisi vəzifəsində çalışır. Polis polkovnik-leytenentı rütbəsindədir. Usta məharət dərəcəsinə layiq görülüb, qüsursuz xidmət etdiyinə görə III, II, I dərəcəli medallarla təltif edilib. Öz işinə məsuliyyətlə yanaşan Məzahir Qəhrəmanovu fərqləndirən cəhət onda ilahi qüvvənin verdiyi bir gücün, bacarığının olmasıdır. Fiziki görünüşdən cüssəli olan Məzahir 14 yaşından pəhləvanlıqla məşğul olur. O, yeniyetmə yaşlarından Xocalıda və ətraf rayonlarda öz gücünü, bacarığını nümayiş etdirib. Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə Goranboy rayonu ərazisində xocalılar üçün salınmış Yeni Yaşayış massivinin açılışında Məzahir Qəhrəmanov pəhləvanlıq nümunələri nümayiş etdirib. Pəhləvan Məzahir polis işçilərinin peşə bayramlarında şəxsi heyət qarşısında müxtəlif pəhləvanlıq nümunələri ilə onların əhval-ruhiyyəsini artırır, fiziki cəhətdən sağlam olmağın üstünlüklərini gənc polislərə əyani şəkildə göstərir.XOCALI POLİSİNİN BUGÜNKÜ FƏALİYYƏTİ Hazırda DİN-in müavafiq əmrinə əsasən, 2003-cü ildən Xocalı polisi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və əməkdaşlarımız öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xocalı rayon sakinlərindən digər rayonların polis orqanlarında xidmət edən çoxlu sayda əməkdaşlar var. Rayonumuzda demək olar ki, hər bir ailənin polis orqanları ilə bağlılığı var, yəni çoxlu sayda gəncimiz polis orqanlarında xidmət aparır. Hal-hazırda Xocalı Rayon Polis Şöbəsində 10 veteran polis xidmət edir.Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi, ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Xocalı rayon polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub. Bu polisin iş şəraitini yaxşılaşdırmaqla vətəndaşların müraciətlərinin operativ araşdırılmasına da şərait yaradıb. Bu gün cəbhə xəttinə yaxın ərazidə xidmət aparan Xocalı rayon Polis Şöbəsinin şəxsi heyəti Ali Baş Komandanın əmri ilə hər an düşmənlə döyüşə hazırdır. Onların sırasında neçə-neçə döyüşkən, qisas hissi ilə alışıb yanan mərd oğullar var. Çünki Əlif Hacıyev, İnqilab İsmayılov, Şakir Salahov, Natiq Əhmədov kimi qəhrəman polislərin və Xocalının digər qəhrəman, igid oğullarının şərəfli döyüş yolu onlar üçün vətənpərvərlik, igidlik məktəbidir. Qəhrəman şəhərin şəhidlərinin ruhu indi bizi döyüşə, qisasa, Xocalıya səsləyir. Elə Xocalı torpağı da öz elini doğma qucağına qayıdacağı günü gözləyir. Artıq Xocalıya qayıtmaq üçün səbrlər də tükənib. Biz Böyük qələbəyə, doğma torpaqlarımıza qayıdacağımıza inanırıq. Qarabağ torpaqlarının istər sülh yolu ilə azad edilməsində, istərsə də müharibə yolu ilə yağı tapdağından təmizlənməsində Azərbaycan polisi öz missiyasını şərəflə yerinə yetirəcəkdir. Qalib BƏYMƏMMƏDOĞLU, “Xocalının səsi” qəzetinin redaktoru